Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İmam Xomeyni (r) Nəcəf şəhərinə sürgün olduğu illərdə orda ruhani və tələbələr qarşısında çıxışı edərək insanın gördüyü hər bir əməlin uca Allahın hüzurunda baş verdiyini bildirərək deyib:
Müqəddəs Ramazan ayına sağlam və pak ruhiyyə ilə daxil olasınız inşallah. Ramazan ayında özünüzü Allahın ziyafətində bilin, uca Allahı isə bu mənəvi ziyafətin sahibi kimi görün və onu hər an hazır, şahid və görən bilin.
Allah eləməsin, əgər bir vaxt kiməsə hörmətsizlik etmək istəsəniz, bilin ki, Allahın hüzurunda onun bəndəsinə hörmətsizlik edirsiniz.
Əgər bir möminin qeybətini etsəniz, bilin ki, Allahın hüzurunda onun mömin bəndəsinin qeybətini edirsiniz.
Rəvayətlərə görə, bizim əməllər Allah Rəsuluna (s) təqdim olunur.
Əgər bizim əməllərimiz Allah Rəsuluna (s) təqdim olunursa və peyğəmbər bizi xəta və günah içində görsə, bu, onun pak və mərhəmətli qəlbini nə qədər incitmiş olar?!
Elə etməliyik ki, Allah Rəsulu (s) bizim əməllərimizə görə narahat olmasın. Onun mübarək qəlbini kədərləndirməyək.
Əgər bir gün mənim və sizin əməl səhifəmiz aparılıb Allah Rəsuluna (s) göstərilsə və o, görsə ki, bu səhifə qeybət, böhtan, söyüş və bu kimi əməllərlə doludur, qəlbin istiqaməti isə tamamilə dünyaya yönəlib, əxlaq isə fəsad, kin-küdurət, həsəd və insanlara qarşı bədgümanlıqla doludur. Belə bir mənzərəni görəndə, bəlkə də Allahın mələkləri və uca Allahın hüzurunda xəcalət çəkər ki, bu şəxs sənin davamçılarından, şiələrindən və ümmətindəndir.
İnsan özünə bağlı olan bir şəxsdən məsələn, qardaşından, övladından, qohumundan və ya xidmətçisindən bir pis iş baş versə, camaat qarşısında xəcalət çəkər.
Siz, Allah Rəsulunun (s) ümmətinə mənsub və onunla mənəvi bağlığı olan insanlarsınız. Bu hövzələrə gəlişinizlə özünüzü İslam fiqhi ilə əlaqələndirmisiniz.
Siz həyatınızı Allah Rəsulunun (s) yolu və Qurani-Kərimin göstərişləri ilə bağlamısınız. Əgər pis bir iş görsəniz, bu, Allah Rəsuluna (s) ağır gələ bilər. Allah eləməsin ki, bir vaxt dua etmək əvəzinə bizdən narazı olsun.
İnşallah, bu mübarək ayda fürsətdən istifadə edərək keçmiş nöqsanlarınızı düzəldin və çatışmazlıqlarınızı aradan qaldırın.
Əgər Ramazandan əvvəl, Allah eləməsin, bir günah etmisinizsə, tövbə edin və bir daha o günahı etməyin. Bilin ki, təhlükəli məqamlar çoxdur. Qarşıda daxil olmalı olduğumuz çox mərhələlər var. Bizi gözləyən təhlükələr az deyil. İnşallah, sağlam və pak nəfs ilə Ramazan ayına daxil olun və bu ayın vəzifələrinə əməl edin.
Allahdan sizin hər birinizin üçün müvəffəqiyyət arzulayıram.
“Səhifeye-imam ”, c. 2, s. 390–391
Rəyiniz